الأحد، 6 يوليو 2025


MƏN O QIZ DEYİLƏM, ANA

Royal Club for Literature and Peace 

MƏN O QIZ DEYİLƏM, ANA

Təranə Turan Rəhimli

MƏN O QIZ DEYİLƏM, ANA

"Niyə belə tez böyüdüm, mən o qız deyiləm, ana" - dedi. İlk dəfə aldatdım onu: "Bizi böyüməyə qoymayan sevgidənsə, tez böyüdən dərd yaxşıdır."


Bu nə yerdi gəlib düşdüm,

Ocağında yanıb bişdim,

Təngnəfəs hara yetişdim,

Mən o qız deyiləm, ana.


Dost seyrəldi ildən ilə,

Yaxşı nə var verdik yelə,

Kim dəyişdi məni  belə,

Mən o qız deyiləm, ana.


Ümidlərimi  çaldılar, 

Xəyallarımı aldılar,

Min bir şübhəyə saldılar,

Mən o qız deyiləm, ana.


Hanı o saf, məsum uşaq,

Arzuları qucaq-qucaq...

Məni burda kim tutacaq, 

Mən o qız deyiləm, ana.


Hamı uzaq  ünüm yetmir,

Dəniz udur, səsim getmir,

Əzab var çəkdikcə bitmir,

Mən o qız deyiləm, ana. 


Bir də gələrmi ki, o yaz,

Çiçəkləri  bəyaz-bəyaz,

Qələmi al,  bir ÜMİD  yaz,

Mən o qız deyiləm, ana.

4 iyul 2025

Təranə Turan Rəhimli

@актуальное

documentation: Waffaa Badarneh 



ليست هناك تعليقات:

إرسال تعليق